28–29 may 2025-ci il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən Rektorlar Forumunda iştirak edib.
Regionun aparıcı universitetlərinin rəhbərlərini bir araya gətirən forum çərçivəsində dosent Rüfət Əzizov “Universitet strategiyasının reytinqlərlə uyğunlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında ADNSU-nun beynəlxalq əlaqələri, elmi-tədqiqat sahəsində əldə olunan uğurlar və bu istiqamətdə atılan mühüm addımlar barədə məlumat verib.
Qeyd olunub ki, son illərdə ADNSU müəllimlərinin “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda istinad göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Həmçinin bildirilib ki, universitetdə tədris prosesi müasir standartlara uyğun şəkildə təşkil olunur. Elmi tədqiqatların genişləndirilməsi ilə yanaşı, gələcəkdə magistr və doktorantların, o cümlədən, müəllim heyətinin sayının artırılması, eləcə də maddi-texniki bazanın zənginləşdirilməsi əsas hədəflər kimi müəyyən edilib. Rektor, həmçinin akademik keyfiyyətin artırılması və sənaye ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində universitetin strateji məqsədlərini forum iştirakçıları ilə bölüşüb.