İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunması” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.
ADNSU-nun Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov bildirib ki, məşqin əsas məqsədi fövqəladə hallara operativ reaksiya vermək, qərarvermə bacarıqlarını təkmilləşdirmək və mülki müdafiə planının praktiki tətbiqini yoxlamaqdır.
İki mərhələli keçirilən məşqdə rəhbər heyət, fövqəladə hallar komissiyası və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı xəbərdarlıq sistemləri, koordinasiya və xilasetmə tədbirləri üzrə fəaliyyət nəzədən keçirilib.
Əsas funksional dəstələrin fəaliyyəti ümumilikdə “əla” və “yaxşı” səviyyəsində qiymətləndirilib. Məşq zamanı fərdi mühafizə vasitələrinin və texniki avadanlıqların bəzi çatışmazlıqları aşkar olunaraq yerində aradan qaldırılıb.