İyunun 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tədqiqatçılar üçün Reaxys elmi məlumat bazasının imkanlarına dair təlim keçirilib.
Təlimin spikeri, Reaxys və Knovel üzrə coordinator Əli Əli-zadə Reaxys platformasının keyfiyyətli elmi məqalələrin hazırlanmasında rolu və effektiv istifadəsi ilə bağlı praktik nüanslar haqqında ətraflı məlumat verib. Təlim zamanı iştirakçılara Reaxys platformasının funksional imkanları, elmi ədəbiyyatın və reaksiyaların axtarışı, məlumatların strukturlaşdırılması və analiz metodları ətraflı şəkildə izah edilib. Sessiya zamanı iştirakçılar platforma üzərində praktiki tapşırıqlar yerinə yetirərək əldə etdikləri nəzəri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Təlim çərçivəsində həmçinin, Q1 və Q2 kateqoriyalı nüfuzlu elmi jurnallar üzrə tövsiyələr təqdim olunub. İştirakçılara bu jurnalların seçim meyarları, əsas mövzu istiqamətləri, həmçinin həmin jurnallarda qəbul olunan məqalə tipləri – orijinal tədqiqat məqalələri, icmal məqalələri, qısa məlumatlar və texniki qeydlər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimin əsas məqsədi tədqiqatçıların Reaxys bazasından səmərəli istifadəsini təmin etmək, elmi fəaliyyətin keyfiyyətini və effektivliyini artırmaqdan ibarət olub. Reaxys kimya, əczaçılıq və materialşünaslıq sahələrində tədqiqat aparan alimlər üçün nüfuzlu və geniş imkanlara malik elmi məlumat bazasıdır.