Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən və Bakıda SPE-nin Azərbaycan bölməsinin təşəbbüsü ilə keçirilən “Petrobowl-2025” – Rusiya və Xəzər Regional seçmə mərhələsi keçirilib. Bu yarış regionun aparıcı universitetlərinin tələbə komandalarını bir araya gətirərək onların texniki biliklərini və komanda şəklində işləmək bacarıqlarını nümayiş etdirmək üçün əhəmiyyətli bir platforma rolunu oynayır.
Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də daxil olmaqla, ölkəmizin bir neçə ali təhsil müəssisəsinin komandaları iştirak edib. Bütün iştirakçılar yarış boyunca yüksək səviyyəli çıxışlar edərək həm texniki biliklərini, həm də sahəyə olan dərin maraq və peşəkar hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, ADNSU komandası birinci yerə layiq görülüb. Komandanı universitetin tələbələri – Əbülfəz Quliyev (SABAH qrupları), Teymur Dadaşov (QNMF), Aytəkin Kazımova (QNMF), Zəhra Rəhimova (UFAZ) və Sənan Həsənli (SABAH qrupları) təmsil ediblər.
İkinci yeri Qazaxıstan-Britaniya Texniki Universiteti (KBTU), üçüncü yeri isə Tümen Sənaye Universiteti (TIU) qazanıb.
Yarışın nəticələrinə əsasən, ADNSU və KBTU komandaları “Petrobowl-2025”in beynəlxalq final mərhələsində Rusiya və Xəzər regionunu təmsil etmək hüququ əldə ediblər. Final mərhələsi bu il ABŞ-ın Hyuston şəhərində keçiriləcək SPE İllik Texniki Konfransı və Sərgisi (ATCE 2025) çərçivəsində baş tutacaq.