×

Xəbərlər

Xəbərlər 10 Nov 2017
ADNSU-da Konstitusiya Günü ilə bağlı tədbir keçirilib

Noyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Konstitusiyanın yaranma tarixi barədə məlumat verən prorektor ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya tərəfindən Konstitusiya layihəsinin hazırlandığını və onun ümumxalq müzakirəsinə verildiyini qeyd edib. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası ümumxalq referendumu yolu ilə böyük ruh yüksəkliyi ilə qəbul olunub və bununla da Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları qoyulub. ADNSU-nun prorektoru Q.Məmmədov ali hüquqi qüvvəyə malik Konstitusiyanın eyni zamanda Azərbaycan xalqının mənəvi dəyərlərini də əks etdirdiyini vurğulayıb.

ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev Konstitusiyanın aliliyini qeyd edərək, onun tarixi və mahiyyəti, eləcə də hüquqi əsasları barədə məlumat verib. C.Mustafayev qeyd edib ki, Konstitusiya ölkədə siyasi sabitliyin, ictimai sülhün və milli barışığın qarantı kimi çıxış edir və hazırki Konstitusiyamız Azərbaycanın 4-cü Konstitusiyasıdır.   

ADNSU-nun Azərbaycan dili kafedrasının müdiri, dosent Ədalət Abbasov isə 12 noyabr gününü Azərbaycan tarixinin ən parlaq günlərindən biri kimi xarakterizə edərək bu günün əhəmiyyətindən bəhs edib. Azərbaycan dilinin Konstitusiyadakı yerini və önəmini qeyd edən dosent Ə.Abbasov dövlət dili haqda qanunun qəbul edilməsinin tarixindən də danışıb.


Paylaş