İyun ayının 5-də Birləşmiş Krallığın Şotlandiya bölgəsində yerləşən Əl-Məktum Ali Təhsil Kollecinin prorektoru, professor Alaa Garadın Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) səfəri çərçivəsində İnsan Resursları Departamentinin əməkdaşları üçün master-klass təşkil edilib.
Belə ki, ADNSU-nun İnsan Resursları Departamentinin direktoru Günay Rəfiyevanın da iştirakı ilə professor Alaa Garad əməkdaşlara “Empowering Talents for a Transforming Industry: Strategic HRD through the LDO Model and Investors in People Framework” mövzusunda seminar keçib. Təlimdə iştirakçılara sürətlə dəyişən enerji və sənaye mühitində insan kapitalının strateji inkişafına dair qabaqcıl yanaşmalar barədə ətraflı məlumat verilib.
Seminarda iştirakçılar iki qlobal model - Leadership Development Outcomes (LDO) və Investors in People (IiP) əsasında insan resurslarının inkişafı (HRD) strategiyalarının müəssisə və sənaye məqsədləri ilə necə uyğunlaşdırılacağı, yüksək performanslı təşkilati mədəniyyətin necə formalaşdırılacağı və müxtəlif səviyyələrdə liderlik potensialının inkişaf yolları haqqında ətraflı məlumat alıblar.
Seminarın sonunda fəal iştirakçılar rəsmi sertifikatla təltif olunublar. Bu tədbir ADNSU-nun qlobal tərəfdaşlıqların gücləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş islahatlarının mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, professor Alaa Garad ISO TC/260 – İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq texniki komitənin üzvü, həmçinin "Investors in People" təşkilatının beynəlxalq məsləhətçisi və qiymətləndiricisidir. O, insan resurslarının idarə olunması sahəsində tanınmış mütəxəssislərdən biridir.