Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri üçün İstanbul Universiteti-Cerrahpaşa 2025-ci ilin payız semestri üzrə TIES (Türkiye International Exchange Scholarship) proqramı çərçivəsində təqaüdlü mübadilə proqramı elan edib. Bu proqram ADNSU tələbələrinin beynəlxalq təhsil təcrübəsi qazanması üçün nəzərdə tutulub və iştirakçılara həm akademik, həm də şəxsi inkişaf baxımından dəyərli imkanlar təqdim edir.
Proqrama yalnız Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Ekologiya mühəndisliyi, Kimya mühəndisliyi və Mədən mühəndisliyi ixtisasları üzrə təhsil alan bakalavr tələbələri müraciət edə bilərlər. Namizədlər Türkiyə vətəndaşlığı və ya ikili vətəndaşlıq daşımamalı, akademik göstəriciləri ən azı 75 bal olmalı və İngilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır. Daha əvvəl Türkiyə hökuməti tərəfindən maliyyələşdirilən proqramlarda iştirak etmiş şəxslər bu fürsətdən yararlana bilməzlər.
Müraciət üçün tələb olunan sənədlərə CV, pasport surəti (əgər varsa), akademik transkript və motivasiya məktubu daxildir. Sənədlər bir PDF faylında toplanmalı və "Cerrahpasa-müraciət" mövzu başlığı ilə sabina.qurbanova@asoiu.edu.az ünvanına göndərilməlidir. Son müraciət tarixi 20 iyun 2025-ci ildir.
Qeyd edək ki, təqaüd paketi tələbələrə geniş dəstək təqdim edir. Buraya aylıq təqaüd, gediş-dönüş təyyarə bileti, KYK dövlət yataqxanalarında ödənişsiz qalma, təhsil haqqından azadolma, həmçinin qeydiyyat və sığorta xidmətləri daxildir.