İyunun 10-da Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ekskursiyada olublar.
Ekskursiya zamanı şagirdlər ADNSU-nun Mineralogiya muzeyini ziyarət edərək burada qorunub saxlanılan müxtəlif növ minerallarla tanış olublar. Muzeyin direktoru, dosent Ağamehdi Ağayev və Geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Naməd Paşayev şagirdlərə mineralların adları, kimyəvi tərkibi və tapıldığı yataqlar barədə ətraflı məlumat veriblər.
Daha sonra şagirdlər ADNSU-nun Tarix muzeyini ziyarət edib və universitetə aid tarixi eksponatlarla tanış olublar. Onlar həmçinin Azİİ e-Kitab Evi və universitetin müxtəlif laboratoriyalarında olublar.
Universitetdən xoş təəssüratlarla ayrılan lisey şagirdləri ADNSU-nu çox bəyəndiklərini bildiriblər.