Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiya fakültəsinin tələbələrindən ibarət komanda HEC Montréal Universiteti və SAP şirkətinin birgə təşkilatçılığı ilə keçirilən nüfuzlu “ERPsim EMEA Competition 2025” beynəlxalq yarışmasında uğurla iştirak edib.
Komandanın üzvləri - Ramil Axmineyev (komanda kapitanı), Rəşid Rəsulov, Gülnar Səlimova, Dinarə Süleymanova və Fidan Tahirova ADNSU-nun müəllimi, dr. İqor Nəsirovun rəhbərliyi ilə yarışa xüsusi hazırlıq keçiblər.
Yarış zamanı tələbələr ERPsim platforması vasitəsilə SAP ERP sistemində simulyasiya olunmuş real biznes mühitində çalışaraq strateji qərarvermə, komanda işi və real vaxtda idarəetmə bacarıqlarını təkmilləşdiriblər. Eyni zamanda, davamlı inkişaf və karbon izinin azaldılması kimi müasir ekoloji mövzular üzrə biliklərini genişləndiriblər.