İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev ideyalarında müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azİİ e-Kitab Evində təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, siyasi irsinə, dövlətçilik fəlsəfəsinə, eləcə də gənclərə göstərdiyi diqqət və qayğıya həsr olunmuş nəşrlər nümayiş etdirilib.
Sonra tədbir dəyirmi masa formatında davam etdirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir haqqında iştirakçılara məlumat verib. Ardınca “Heydər Əliyev ideyalarında müasir Azərbaycan gəncliyinin qurtuluşu” mövzusunda sənədli film nümayiş olunub.
Tədbirdə ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək qeyd ediblər ki, 15 İyun – Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi olub. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni dağılmaq təhlükəsindən və vətəndaş qarşıdurmasından xilas edib. Onun rəhbərliyi ilə milli dövlətçiliyin əsası qoyulub, hüquqi və demokratik cəmiyyətin qurulmasına başlanılıb.
Çıxışlarda vurğulanıb ki, müasir Azərbaycan gəncliyinin formalaşmasında, onların savadlı və vətənpərvər vətəndaş kimi yetişməsində Ulu Öndərin gənclərə və təhsilə göstərdiyi xüsusi diqqət bu gün də öz bəhrəsini verməkdədir.
Tədbirdə həmçinin, Humanitar fənlər kafedrasının professoru İradə Nuruyeva, dosent Yaşar Əhmədov, müəllim Könül Abdullayeva, ADNSU Tələbə Gənclər Təşkilatının sədri İntiqam Quliyev və tələbələr çıxış ediblər. Onlar bildiriblər ki, Ulu Öndər Heydər Əliyev təhsilin inkişafını və gənclərin gələcəyini hər zaman dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlayıb. Məhz onun təşəbbüsü ilə gənclərin intellektual potensialı önə çəkilib, onların xaricdə təhsil almaları üçün dövlət proqramları hazırlanıb və yeni nəsil milli kadrların yetişməsi üçün münbit şərait yaradılıb.