Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) xalq şairi, Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatının milli poetik siması – Bəxtiyar Vahabzadə” adlı dəyirmi masa və kitab sərgisi təşkil edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdən öncə ADNSU tələbələri Fəxri Xiyabanda xalq şairi Bəxtiyar Vahabzadənin məzarını ziyarət ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentin İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci ildə Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. ADNSU-da keçirilən bu tədbir də həmin yubiley münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində baş tutub.
Dəyirmi masada ADNSU-nun rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasında tutduğu mövqedən, milli şüurun formalaşmasındakı rolundan və əsərlərinin bugünkü gənclərə ötürdüyü dəyərlərdən bəhs edib.
Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli şairin zəngin ədəbi irsi, milli poeziyada yaratdığı yeniliklər və onun Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə ətraflı məlumat verib. O qeyd edib ki, Bəxtiyar Vahabzadə həm klassik poeziya ənənələrinə, həm də müasir milli şüura xidmət edən əsərləri ilə ədəbiyyatımızın simvollarından birinə çevrilib.
Dəyirmi masada Humanitar fənlər kafedrasının dosentləri – Ruslan Abdullayev, Könül Abdullayeva və Vəfa Abbasova, ADNSU THİK Kitab Klubunun sədri Sənan Hüseynov, tələbə Azər Bədəlov və digər iştirakçılar da çıxış edərək Bəxtiyar Vahabzadənin Vətənə, millətə və ana dilinə olan sonsuz məhəbbətini əks etdirən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova Bəxtiyar Vahabzadənin əsərlərinin universitetin elektron kitabxana sistemindəki yeri və təşkil olunmuş “Bəxtiyar Vahabzadə – 100” adlı kitab sərgisi barədə ətraflı məlumat verib.
Sonda Bəxtiyar Vahabzadə Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyliyə ADNSU-nun 100 illiyinə həsr olunmuş 16 cildlik texniki kitab komplekti hədiyyə olunub.