İyunun 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Finite groups and their representations” (Sonlu qruplar və onların təsvirləri) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfrans ADNSU-nun Riyaziyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə və digər ölkələrin riyaziyyat sahəsində tanınmış alimlər iştirak edirlər.
Açılış mərasimində Elm və təhsil nazirinin müşaviri Azər Abizadə çıxış edərək konfransın mövzusu, məqsədi və qarşıya qoyulan hədəflər barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra məruzlələr dinlənilib. Belə ki, konfrans çərçivəsində simmetrik qrup təsvirləri ardıcıllıqları üçün ölçü çoxluqları, Alperin uyğunlaşma teoreminin ümumiləşdirilməsi və tətbiqləri, blokların yönləndirilmiş uyğunlaşma sistemləri, xarakter üçlükləri arasındakı əlaqələr və bloklar arasında funktorial ekvivalentliklər kimi müasir riyaziyyatın aktual mövzularında məruzələr təqdim olunub.
Konfrans panel sessiyalarla davam edir və iyunun 20-də başa çatacaq.