İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən forumda dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.
Forum Dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Forumda çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkə baçşısı cənab İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı siyasi xətt və yanaşmasının gənclərə aşılanması müsbət və effektiv addımdır. Firudin Qurbanov vurğulayıb ki, Qayıdış konsepsiyası yalnız yaşayış infrastrukturuna, əvvəlki həyat şəraitinə qayıtmaq deyil, həm də tarixi yaddaşın, mədəni irsin qorunması deməkdir.
Təhsildə milli yaddaşın formalaşdırılması məqsədilə şagirdlər arasında keçirilən maarifləndirmə işlərinə toxunan nazir müavini bildirib ki, onların bu sahəyə marağının artırılması əsas vəzifələrdəndir. Qeyd edib ki, təhsilalanlar Azərbaycanın əzəli torpaqları haqqında müfəssəl məlumatlara sahib olmalı, onu gələcək nəsillərə ötürməlidirlər. Gənclər Qərbi Azərbaycana Qayıdış missiyasının əsas qüvvələridir.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, bu gün Qərbi Azərbaycana qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir ideyadır. Qayıdış ideyası sadəcə bir arzudan ibarət deyil, bu, milli iradənin və tarixi ədalətin təntənəsidir. Əziz Ələkbərli qeyd edib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük vəzifə düşür. Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insanın nə özünə, nə də cəmiyyətə faydası olar. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir.
Çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da öz növbəsində Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində gənc müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb və planlaşdırılan layihələrə toxunub. Şagirdlərdə milli kimliyin inkişafı ana dilinin düzgün istifadəsi, vətənpərvərlik tərbiyəsi, ədəbiyyat və tarix dərsləri ilə yanaşı, gündəlik davranışlara inteqrasiya olunmasının mümkünlüyünü vurğulayıb.
Rəsmi açılış mərasimindən sonra forum öz işini panellərlə davam etdirib.
“Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunmuş I panelə moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Müzakirələrdə Milli Məclisin Gənclər və idman komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.
II panel “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, Bakı şəhəri 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Flora Osmanova və 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi çıxış ediblər.
Ardınca “Qərbi Azərbaycana Qayıdış” olimpiadası haqqında videoçarx nümayiş etdirilib və müsabiqənin cari il üzrə qalibləri mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və kollektiv foto çəkdirilib.