İyunun 24-də Britaniya-Azərbaycan Ticarət Palatası işçi qrupunun ilk iclası Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilib.
Tədbirdə fəxri qonaq qismində Milli Məclisin deputatı, Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbəri və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, eləcə də ticarət palatasının idarə heyətinin fəxri üzvü, bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.
Dəyirmi masa formatında keçirilən iclasda iştirakçılar arasında təhsil və özəl sektorla bağlı əsas çağırışlar müzakirə olunub, fikir mübadiləsi aparılıb və əməkdaşlıq imkanları dəyərləndirilib.
Yeni strategiyaya uyğun olaraq palata tərəfindən təhsil, vergi və gömrük, eləcə də enerji və davamlılıq sahələrini əhatə edən üç xüsusi işçi qrupu təsis edilib. İşçi qrupu bu çərçivədə fəaliyyət göstərərək özəl sektor, akademik dairələr və siyasətçilər arasında körpü rolunu oynamağı, ölkədə daha innovativ, inklüziv və gələcəyə uyğun təhsil sisteminin inkişafına töhfə verməyi hədəfləyir.