İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasdan öncə rektor, dosent Rüfət Əzizov ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlını, Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanovanı və Sənayenin iqtisadiyyatı kafedrasının müdiri, professor Arif Ələkbərovu yubiley yaşları münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra gündəlikdə olan məsələlər şura üzvlərinə elan olunub və gündəlik təsdiq edilib.
Rektor, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda universitetdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edilib. 2024/2025-ci tədris ilinin nəticələri qənaətbəxş hesab olunub, növbəti tədris ilinə hazırlıq, mövcud çatışmazlıqlar və həyata keçirilən işlər ətrafında müzakirələr aparılıb.
Elmi Şuranın iclasında İnsan Resursları Departamentinin direktoru Günay Rəfiyeva ADNSU-nun yeni strukturunun və ştat cədvəlinin təsdiqi barədə, Karyera Mərkəzinin direktoru Günəş Övsətova isə Məzun Assosiasiyasının yaradılması və Əsasnaməsinin təsdiqi ilə bağlı hesabatla çıxış ediblər.
İclasda dosent Rüfət Əzizov qarşıdakı hədəflərdən danışarkən ADNSU-nun beynəlxalq reytinqlərdəki irəliləyişini də qeyd edib. Bildirib ki, dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən hazırlanmış “QS Dünya Universitetləri Reytinqi 2026”-nın nəticələrinə əsasən, ADNSU ötən illə müqayisədə əhəmiyyətli dərəcədə irəliləyərək 851–900-cü sıralarda yer alıb. Rektor bu münasibətlə universitetin bir neçə əməkdaşına ADNSU-nun beynəlxalq reytinq nüfuzunun artırılması istiqamətində səmərəli fəaliyyətinə görə təşəkkür edib və onlara sertifikat təqdim edib.
Sonda rektor, dosent Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirib, aidiyyəti şəxslərə konkret tapşırıqlar verib.