İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı beynəlxalq forum keçirilib.
Tədbirdə dövlət və beynəlxalq qurumların nümayəndələri, sahibkarlar, ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov iştirak ediblər.
Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini və ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Azərbaycanın mövqeyinin yüksəlməsi, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi və neft-qaz gəlirlərindən asılılığın azalması ilə bağlıdır. Bu isə bilik və bacarıq tutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradır və dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir. Qeyd edilib ki, süni intellekt, data idarəetməsi, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texnoloji yeniliklərlə kifayətlənmir, həm də iqtisadiyyatların böyümə modelini köklü şəkildə dəyişən mühüm amillərdir.
Forum çərçivəsində texnologiya, ekosistem və insan kapitalının inkişafı sahələrində tərəfdaşlarla 4SİM arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi keçirilib. “Festo”, “Koç Digital”, “MEXT” Texnologiya Mərkəzi, “Honeywell” və “SMC” kimi tanınmış texnologiya şirkətləri ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Biznesinin İnkişafı Fondu, “Sabah City”, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti ilə niyyət protokolları və anlaşma memorandumları imzalanıb. Bu sənədlər 4SİM-lə əməkdaşlığın gücləndirilməsinə və inkişafına xidmət edəcək.
Forum çərçivəsində rəqəmsal iqtisadiyyat mövzusunda qlobal trendlərə həsr olunmuş panel müzakirələri də təşkil edilib. Yerli və beynəlxalq şirkətlərin, eləcə də startapların texnoloji həllərinin nümayiş olunduğu sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə 10-dan çox şirkət “Sənaye 4.0” sahəsində öz innovativ həllərini təqdim edib. Xüsusi maraq doğuran layihələrdən biri “Sabah City” olub. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan bu layihə 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan və startap inkubatorları, akseleratorlar, vençur fondları, texnologiya transfer ofisləri və qabaqcıl tədqiqat mərkəzlərini bir araya gətirəcək innovasiya klasteridir.