Milli Aviasiya Akademiyasında (MAA) “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib.
Konfransın əsas məqsədi Azərbaycanın milli süni intellekt strategiyasına dəstək verən praktiki tövsiyələrin hazırlanması, aviasiya və aerokosmik sahələrin inkişafında süni intellektin rolunun müəyyənləşdirilməsi, aerokosmik texnologiyaların süni intellekt vasitəsilə inkişaf etdirilməsi, gənc tədqiqatçıların bu istiqamətdə yaradıcı potensialının artırılması, həmçinin alimlər və sənaye mütəxəssislərinin bir araya gətirildiyi akademik platformaların yaradılması olub.
Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova “Artificial intelligence and information processing in decision making problems” (Qərar qəbuletmə problemlərində informasiya emalı və süni intellekt) mövzusunda plenar məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Professor Lətafət Qardaşova çıxışdan sonra iştirakçıların suallarını cavablandırıb, insan kapitalının formalaşması, nəqliyyat və logistika sistemlərinin idarə olunması, rəqəmsal bacarıqların inkişafında süni intellektin rolu barədə fikir və təkliflərini bölüşüb.
Konfransda Türkiyə, Yaponiya, İsrail, Almaniya, Böyük Britaniya, Qazaxıstan və Ukraynadan olan tanınmış mütəxəssislər, elmi-tədqiqat institutlarının nümayəndələri, texnologiya şirkətlərinin təmsilçiləri və süni intellekt sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Tədbir çərçivəsində 80-dən çox elmi məruzə dinlənilib, dəyirmi masa, tematik panel və təqdimatlar təşkil olunub.
İki gün davam edən beynəlxalq konfransda “Aviasiya sistemlərində süni intellekt”, “Aerokosmik monitorinq problemlərinin həllində süni intellekt texnologiyaları”, “Süni intellekt simulyatorları və öyrənmə prosesi”, “Aviasiya təhlükəsizliyində süni intellekt texnologiyaları”, “Süni intellektin tətbiqinin sosial və hüquqi problemləri”, “İqtisadiyyat və menecmentdə süni intellektin innovativ tətbiqləri” kimi mövzular müzakirə olunub.
Tədbirdə Bakı, Gəncə, Sumqayıt və Naxçıvan daxil olmaqla Azərbaycanın müxtəlif regionlarından 15-dən çox ali təhsil müəssisəsinin nümayəndələri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.