×

Xəbərlər

Xəbərlər 23 Jul 2025
ADNSU-nun məzunu “Umid Babek Operating Company” əməliyyat şirkətinin Baş direktoru təyin olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Elxan Bəşirov yüksək vəzifəyə təyin olunub. Belə ki, o, 2025-ci il iyulun 22-dən etibarən “Umid Babek Operating Company” əməliyyat şirkətinin Baş direktoru (Filial direktoru) vəzifəsinə gətirilib.

Elxan Bəşirov enerji sektorunda təxminən 20 illik qlobal təcrübəyə malikdir. Bu illər ərzində o, bp şirkətində əməliyyatlar, strategiya və mürəkkəb birgə müəssisələrin idarə edilməsi sahəsində yüksək rəhbər vəzifələrdə çalışıb.

Elxan Bəşirov dünyanın ən böyük neft yataqlarından biri hesab olunan İraqdakı Rumeylə neft yatağında Əməliyyatlar meneceri vəzifəsində çalışaraq çoxmillətli komandaya rəhbərlik edib və gündəlik 950 min bareldən çox hasilata nəzarət edib.

Elxan Bəşirov 2001–2005-ci illərdə ADNSU-da (o zamankı Azərbaycan Dövlət Neft Akademiyası) Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb. 2005–2006-cı illərdə Mançester Universitetində, 2014–2016-cı illərdə isə ADA Universitetində müxtəlif səviyyələrdə təhsilini davam etdirib. Hazırda Oksford Universitetində icraedici MBA (EMBA) proqramında iştirak edir.

Qeyd edək ki, “Umid Babek Operating Company” (UBOC) 2017-ci ildə Azərbaycan Respublikasında təsis olunmuş neft-qaz şirkətidir. Şirkət Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yüksək təzyiqli “Ümid” qaz-kondensat yatağı və “Babək” perspektiv strukturu üzrə neft və qazın kəşfiyyatı, hasilatı və istismarı ilə məşğuldur.

 


Paylaş