Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri müəyyənləşib.
Final mərhələsində iştirak edən 124 namizəddən ən yüksək bal toplayan 20 nəfər qalib elan olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları bu il də “Yüksəliş” müsabiqəsində mühüm uğura imza atıblar. Belə ki, beşinci mövsümün nəticələrinə əsasən, qaliblərin 7-si ADNSU məzunlarıdır. Liderlik potensialının üzə çıxarılması və inkişaf etdirilməsini hədəfləyən bu nüfuzlu layihədə ADNSU məzunlarının uğuru universitetin yetişdirdiyi peşəkar kadrların yüksək keyfiyyətini bir daha təsdiqləyir.
Qalib olan 7 məzun müxtəlif illərdə universitetin fərqli ixtisaslarında təhsil alıblar. Onlar arasında mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış şəxslər var. Həmin məzunlar hazırda dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışır, bir neçəsi isə innovativ startapların təsisçisidir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxsləri müəyyənləşdirmək, onları dəstəkləmək və ölkədə kadr ehtiyatı bankını formalaşdırmaqdır. “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında olan, ən azı iki il idarəçilik təcrübəsinə malik ali təhsilli Azərbaycan Respublikası vətəndaşlarını əhatə edib. Müsabiqə beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani mərhələ, yarımfinal və finaldan ibarət olub. Sonda qaliblər elan edilib.
Müsabiqədə qalib olan məzunlarımız:
Kamran Ələsgərov –
ADNSU-da neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Xəzər Universitetində və “bp” şirkətinin dəstəyi ilə Böyük Britaniyanın Heriot-Vatt Universitetində (Heriot-Watt University) magistratura təhsili alıb. ADNSU-da “Quyuların qazılması texnologiyası” ixtisası üzrə təhsilini doktorant kimi davam etdirir, fəlsəfə doktoru elmi dərəcəsinə namizəddir. “bp” şirkətində qazma qurğusu üzrə baş mühəndis vəzifəsində çalışır.
İrşad Əsgərxanlı –
ADNSU-da gömrük ekspertizası ixtisası üzrə bakalavriat, biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “Agro Food Investments” MMC-də daxili audit icraçı direktoru vəzifəsində çalışır.
Elnur Məmmədli –
BDU-da kompüter elmləri ixtisası üzrə bakalavriat, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında biliklərin idarə olunması ixtisası üzrə magistratura, ADNSU-da sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində rəqəmsal hökumət layihələrinin və məhsullarının idarəedilməsi departamentinin direktoru vəzifəsində çalışır.
Mirqəni Hüseynli –
ADNSU-da neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavriat, Xəzər Universitetində neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə magistratura təhsili alıb. Azərbaycan Respublikasının Kosmik Agentliyində (Azərkosmos) aparıcı müştəri mühəndisi vəzifəsində çalışır.
Orxan Nağıyev –
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb. “AzərGold” QSC-də müdir müavini vəzifəsində çalışır.
Elnur Mirzəzadə -
ADNSU-da sistem mühəndisliyi ixtisası üzrə bakalavriat, süni intellekt ixtisası üzrə magistratura təhsili alıb. “CBC Global” MMC-də rəqəmsal layihə meneceri vəzifəsində çalışır.
Qoşqar Daşdiyev –
ADNSU-da menecment ixtisası üzrə bakalavriat təhsili alıb. Təhsilini ABŞ-nin Purdu Universitetində (Purdue University) menecment ixtisası üzrə magistratura pilləsində davam etdirir. “Kapital bank” MMC-də menecer vəzifəsində çalışır.
Məzunlarımızı təbrik edir və uğurlar arzulayırıq!