Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri 21–26 iyul tarixlərində Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”də iştirak ediblər.
Tədbirdə ADNSU-nun Kiber Təhlükəsizlik Klubunun üzvləri — Coşqun Abdullayev, Aysun Şirinova və Ruslan Məmmədov universiteti təmsil ediblər.
“Kiber Yay Məktəbi” informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların artırılmasına yönəlmiş, beynəlxalq təcrübə mübadiləsini təşviq edən unikal bir platformadır. Bu ilki tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Qətərdən olan tələbələr də iştirak ediblər.
Proqram çərçivəsində iştirakçılar kibertəhlükəsizlik üzrə praktiki təlimlərə, “Red Team” və “Blue Team” formatında laborator məşğələlərə, müxtəlif ekspertlərlə keçirilən “meet-up” sessiyalarına, həmçinin “CrowdStrike” və “Cisco” kimi beynəlxalq vendorların təqdimatlarına qatılıblar.