İyulun 30-da Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin sərgisinin açılışı keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) DİM-in Elektron İmtahanlar Mərkəzində təşkil olunan sərgidə iştirak edir.
Sərgidə ADNSU-nun əməkdaşları ziyarətçilərə universitetdə tədris prosesi, ixtisaslar, təhsil və karyera imkanları, beynəlxalq əlaqələr, xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları, maddi-texniki baza, təhsil haqları, güzəştlər və təqaüd proqramları barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.
Sərginin keçirilməsində əsas məqsəd abituriyentləri ixtisas seçimi mərhələsindən əvvəl ali təhsil müəssisələrinin mövcud imkanları ilə yaxından tanış etmək və onların düzgün seçim etmələrinə dəstək göstərməkdir. Ziyarətçilərə, həmçinin DİM-in mütəxəssisləri tərəfindən hazırlanmış "Peşə seçimi" testlərindən ödənişsiz yararlanmaq imkanı yaradılıb.
Sərgi çərçivəsində abituriyentlər və onların valideynləri ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqları, güzəştlər və təqaüd imkanları barədə ətraflı məlumat əldə edə bilərlər.
Sərgi avqustun 1-dək davam edəcək.