Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin sayca beşinci “Məzun Günü” keçirilib.
Tədbirdə müxtəlif rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov iştirak edib. Tədbir çərçivəsində mərkəzin məzunları mükafatlandırılıb.
ADNSU-nun ümumilikdə 17 tələbəsi, o cümlədən 11 SABAH qrupları tələbəsi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən hücum (Red Team) və müdafiə (Blue Team) qruplarında müvafiq sahələr üzrə praktiki təlimlər keçib, kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barədə biliklər əldə ediblər. Təlimlər zamanı həm müdafiə, həm də hücum yanaşmaları inteqrasiya olunaraq tələbələrin kompleks bacarıqları inkişaf etdirilib.
Tədbir zamanı məzunlardan ibarət komanda təhsil dövründə qazandıqları bilikləri real dünya problemlərinə tətbiq etdikləri yekun layihələri təqdim edib. Daha sonra tədris proqramını yüksək nəticələrlə başa vuran iki məzun mükafata layiq görülüb. Onlardan biri, ADNSU SABAH qruplarının tələbəsi Kazımlı Yusif, 95.5 bal toplayaraq birinci yerə layiq görülüb.
Sonda məzun olan 100 tələbəyə tədbirə dəvət olunmuş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib.