×

Xəbərlər

Xəbərlər 13 Aug 2025
UFAZ tələbələri “Azad Mirzəcanzadə inkişaf proqramı”nın qalibi oldular

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri “Azad Mirzəcanzadə inkişaf proqramı”nın ikinci axının qalibi olublar.

Qaliblərdən Məryəm Axundova UFAZ-da “Computer Science” ixtisası üzrə təhsil alır və Data Science ilə Machine Learning sahələrində ixtisaslaşır. O, müxtəlif fənn olimpiadalarının iştirakçısıdır. Rasul Rəhimov isə UFAZ-da “Computer Science” ixtisası üzrə II kurs tələbəsidir. O, STEM və robotika üzrə beynəlxalq müsabiqələrin medalçısıdır və universitetin qəbul imtahanında ən yüksək nəticə göstərmiş tələbələrdən biridir.

Proqramın digər qalibi Adil Səttarov hazırda Imperial College London-un “Aeronautical Engineering” ixtisası üzrə təhsil alır. O, fizika və astronomiya olimpiadalarının qalibi və mükafatçısıdır.

Tələbələr proqrama MAPS adlı layihə ilə qatılıblar. MAPS - süni intellekt və “arıqovanı” prinsipi ilə idarə olunan modullu dron sistemidir. Bu sistem təbii fəlakət və texnogen risk zonalarında, ekstremal və təhlükəli şəraitdə tikinti və monitorinq tapşırıqlarını icra etmək üçün nəzərdə tutulub.

Layihə, həmçinin ABB Innovations proqramının pre-inkubasiya mərhələsinə seçilərək inkişaf dəstəyi qazanıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında elan edilən “Azad Mirzəcanzadə inkişaf proqramı” indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ olmaqla yanaşı, müxtəlif sahələrə aid bir sıra uğurlu layihələri qəbul edib.


Paylaş