Avqustun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2025/2026-cı tədris ili üzrə Dövlət Proqramı Təqaüdçüsü adını qazanmış gənclərlə orientasiya görüşü təşkil olunub.
Tədbirdə Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri proqram iştirakçılarına təhsillə bağlı vacib məlumatlar təqdim ediblər. Görüş zamanı Dövlət Proqramının məqsəd və əhəmiyyətindən, gənclərə yaratdığı geniş imkanlardan, onların təhsil alacaqları xarici universitetlərdən və tədris prosesi ilə bağlı əsas məqamlardan ətraflı bəhs olunub.
İştirakçılar həmçinin, xaricdə təhsil zamanı qarşılaşa biləcəkləri praktiki məsələlər, adaptasiya prosesi və akademik tələblər barədə də məlumatlandırılıblar. Sonda keçirilən sual-cavab sessiyasında gənclərin bütün sualları cavablandırılıb, əlavə tövsiyələr və izahlar verilib.
Qeyd edək ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bu il seçilən 500 nəfər iştirakçı (19 nəfər doktorantura, 356 nəfər magistratura və 125 nəfər bakalavriat səviyyəsi üzrə) dünyanın 14 ölkəsində yerləşən 64 nüfuzlu ali təhsil müəssisəsində təhsil alacaq.