Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları məzunu Elnur Əlizadə Azad Mirzəcanzadə inkişaf proqramının qalibi olub. Elnur Əlizadənin müsabiqəyə təqdim etdiyi “MagEOR” layihəsi maqnit sahəsinin tətbiqi ilə tükənməkdə olan neft yataqlarının işlənmə səmərəliliyinin artırılmasına həsr olunub. Bu metod ekoloji baxımdan təmiz, iqtisadi cəhətdən səmərəli, enerjiyə qənaətcil və texnoloji baxımdan asan tətbiq olunan müasir və innovativ yanaşmadır.
Elnur Əlizadə bakalavr təhsilini ADNSU-nun “Neft-qaz mühəndisliyi” ixtisası üzrə SABAH qruplarında fərqlənmə diplomu ilə başa vurub, magistr təhsilini isə Çin Neft Universitetində “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə alaraq “İlin tələbəsi” adına layiq görülüb. Hazırda ADNSU-nun doktorantı, gənc tədqiqatçıdır.
Qeyd edək ki, Azad Mirzəcanzadə inkişaf proqramına ölkə üzrə müxtəlif universitetlərdən 100-dən çox iştirakçı müraciət edib. Üç mərhələdən ibarət olan seçim prosesinin sonunda münsiflər heyətinin keçirdiyi müsahibələr və yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib seçilərək maliyyə dəstəyi qazanıb.
2023-cü ildən fəaliyyətə başlayan Azad Mirzəcanzadə inkişaf proqramı, 18-35 yaş arası, cəmiyyətin inkişafına töhfə vermək arzusu və bu istiqamətdə real ideyaları olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuşdur.