Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 3-cü kurs tələbəsi Nicat Kərimli avqustun 3-dən 8-dək Gürcüstanın Anaklia şəhərində keçirilən “Gürcüstan-Azərbaycan gənclərinin yay düşərgəsində” iştirak edib. Ölkəmizi düşərgədə digər gənclərlə birlikdə layiqinə təmsil edən İqtisadiyyat və Menecment fakültəsinin tələbəsi N.Kərimli düşərgə müddətində komanda quruculuğu sessiyaları və idman oyunları üzrə müsabiqələrdə iştirak edib.
Düşərgənin açılışında Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini Levan Girsiaşvili gənclərlə görüşərək onların suallarını cavablandırıblar.
Qeyd edək ki, tədbirin əsas məqsədi hər iki ölkənin gəncləri arasında mədəni və ictimai əməkdaşlığı gücləndirmək, dostluq əlaqələrini möhkəmləndirmək, təcrübə mübadiləsi aparmaq və ortaq təşəbbüsləri dəstəkləmək olub.