×

Xəbərlər

Xəbərlər 26 Aug 2025
Almaniyanın Karlsrue Texniki İnstitutunun professoru ADNSU-da elmi mühazirə keçib

Avqustun 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli geofizik alim, Almaniyanın Karlsrue Texniki İnstitutunun tədqiqat professoru Prof. Dr. Əli İsmayılzadənin “Mantiya qalxımı üzərində yerləşən neft və qaz daşıyan sedimentasiya hövzələri” mövzusunda elmi mühazirəsi keçirilib. 

Mühazirədə professor Şərqi Avropa Platformasının altındakı “Perm Anomaliyası” adlı qədim mantiya qalxımının 150-200 milyon il ərzində platforma altında istilik təsiri yaratdığını və bunun nəticəsində çöküntü hövzələrində neft-qazın yetişməsi üçün əlverişli şərait formalaşdığını elmi modellər və geoloji sübutlarla izah edib.

Eyni zamanda, dərin yer prosesləri ilə səthi geoloji hadisələr arasında əlaqələrin, xüsusilə hidrokarbon potensialı olan ərazilərin müəyyən olunmasında bu cür tədqiqatların əhəmiyyətindən danışıb.

İnteraktiv formatda keçirilən elmi müzakirələrdə ADNSU-nun tələbə və məzunları fəal iştirak edib, mövzu ilə bağlı suallar veriblər. 

Qeyd edək ki, Prof. Əli İsmayılzadə 150-dən çox elmi məqalənin müəllifi, bir sıra beynəlxalq elmi təşkilatların fəxri üzvü və BMT-nin elmi strukturlarında yüksək vəzifələrdə təmsil olunan nüfuzlu alimdir.

 

 


Paylaş