×

Xəbərlər

Xəbərlər 28 Aug 2025
ADNSU əməkdaşları “Gənc alimlərin yay düşərgəsi” ndə iştirak ediblər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Elmlər Akademiyasında Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə 21–26 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində “Gənc alimlərin yay düşərgəsi” təşkil olunub.

90 nəfərə yaxın magistr, doktorant, gənc alim və tədqiqatçının qatıldığı düşərgədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları-  dissertant Suqrə Əkbərova, gənc tədqiqatçı Türkel Əkbərov, doktorant Coşqun Rüstəmzadə, gənc tədqiqatçı Valeh Cəfərov iştirak ediblər. Onlar düşərgənin həm maarifləndirici, həm də əyləncəli məzmun daşıdığını, yeni dostluqlar və elmi əməkdaşlıqlar üçün əlverişli imkanlar yaratdığını bildiriblər.

Proqram çərçivəsində tarix, ədəbiyyat, kimya və informasiya texnologiyalarına dair 20-yə yaxın məruzə dinlənilib, debatlar keçirilib, intellektual oyunlar və idman yarışları təşkil olunub.

Qeyd edək ki, düşərgənin əsas məqsədi 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistr, gənc alim və tədqiqatçıları bir araya gətirərək onların ideoloji hazırlığını gücləndirmək, bilik və təcrübə mübadiləsinə şərait yaratmaq, həmçinin yeni dostluq və əməkdaşlıqların qurulmasına imkan yaratmaq olub. Düşərgənin şüarı “Milli dəyərlərlə rəqəmsal gələcəyə” olub. 

Ekskursiyalar zamanı iştirakçılara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Xalq şairi Səməd Vurğunun Poeziya evi, Molla Pənah Vaqifin abidəsi, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi, Qazax Tarix-Diyarşünaslıq və Ədəbiyyat muzeyləri, Qazax Cümə Məscidi, Qazax Müəllimlər Seminariyası və digər tarixi-mədəni məkanlar barədə ətraflı məlumat verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da düşərgə iştirakçıları ilə görüşüb, onların fəaliyyətini yüksək qiymətləndirib.

 

 


Paylaş