Avqustun 25-də “Palçıq vulkanları və flüid miqrasiya sistemləri” mövzusunda V beynəlxalq yay məktəbi öz işinə başlayıb. Yay məktəbinin açılış mərasimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilib.
Yay məktəbində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini ümumilikdə 17 tələbə təmsil edir. Onlardan 13 nəfəri UFAZ tələbəsi, 4 nəfəri isə ADNSU-nun digər fakültələrinin tələbələridir. Bu göstərici universitetin tələbələrinin beynəlxalq elmi platformalarda fəal iştirakını və geologiya sahəsində maraq və potensialını nümayiş etdirir.
Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu və Norveçin Oslo Universitetinin təşkilatçılığı, GeoNet MMC-nin təşkilati dəstəyi ilə keçirilir. Layihəyə həmçinin SOCAR, European Geosciences Union (EGU) və Norveç Tədqiqat Şurası dəstək göstərir.
Yay məktəbinin əsas məqsədi gənc tədqiqatçılara palçıq vulkanizmi, flüid miqrasiya sistemləri və neft-qaz sistemləri sahəsində biliklərini artırmaq, elmi əməkdaşlıqları genişləndirmək üçün imkan yaratmaqdır. Proqram çərçivəsində mühazirələr, poster təqdimatları və Abşeron yarımadasındakı palçıq vulkanlarına, eləcə də Yanardağa sahə ekskursiyaları nəzərdə tutulub.