Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu nəticələri açıqlanıb. Qəbul göstəriciləri universitetin yeni Strateji İnkişaf Planı ilə tam uyğunluq təşkil edir və qarşıya qoyulan inkişaf hədəflərinin reallaşdırılmasına xidmət edir. Belə ki, qəbul nəticələrinə əsasən bakalavr səviyyəsinə qəbul əvvlki illə müqayisədə 10% azaldılıb, magistratura səviyyəsinə qəbul 17% faktiki artım göstərib, İngilis dilində tədris olunan proqramlara qəbul 9% artaraq ümumi qəbulun 21%-ni təşkil edib, bunlarla yanaşı əcnəbi tələbə qəbulu ötən illə müqayisədə üç dəfə artaraq 203 nəfərə çatıb.
İngilis dilində tədris olunan proqramlarda yüksək orta ballar qeydə alınıb ki, bu da universitetə daha çox potensiallı tələbələrin qəbul olunmasına imkan yaradıb. 2025-ci ildə ingilis dilində tədris olunan proqramlar üzrə orta qəbul balları aşağıdakı kimidir:
• Kimya mühəndisliyi – 638 bal
• Neft-qaz mühəndisliyi – 614 bal
• İnformasiya təhlükəsizliyi – 605 bal
• Data analitikası – 583 bal
• Kompüter elmləri – 582 bal
• İnformasiya texnologiyaları – 580 bal
• Kompüter mühəndisliyi – 554 bal
• Sənaye mühəndisliyi – 524 bal
• Elektrik-elektronika mühəndisliyi – 496 bal
Qeyd edək ki, cari tədris ilinin qəbul nəticələri ADNSU-nun beynəlxalqlaşma, təhsil keyfiyyətinin yüksəldilməsi və tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi istiqamətində atdığı addımların praktiki təsdiqi hesab olunur.
Strateji İnkişaf Planına əsasən, universitet qarşıdakı 6–7 il ərzində bakalavr, magistr və doktorant səviyyələrində tələbə sayının 60:30:10 nisbətinə çatdırılmasını hədəfləyir. Bu yanaşma ADNSU-nun tədqiqat universiteti statusunun möhkəmləndirilməsinə və yüksək ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq.