Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni qəbul olunmuş magistratura tələbələri ilə Tanışlıq Günü tədbiri keçirilib.
Tədbir UFAZ-ın İcraçı direktoru, dosent Vazeh Əskərovun açılış nitqi ilə başlayıb. Daha sonra universitetin Baş katibi Martin Qodon və “Yer elmləri” üzrə proqram rəhbəri Damien Lemarchand tələbələri salamlayaraq onlara tədris prosesinə dair tövsiyələrini veriblər.
Magistratura proqramları üzrə koordinator Gülarə Abdunova isə ixtisaslar haqqında ətraflı məlumat təqdim edib. O, tələbələrin yeni tədris ilinə daha yaxşı hazırlaşması üçün akademik sənədlər, imtahanların təşkili və nəticələrin izlənməsi, təcrübə proqramları, nizam-intizam məsələləri, həmçinin akademik təqvim, imtahan cədvəli, qiymətləndirmə sxemi və kurrikulumla bağlı vacib məqamları diqqətə çatdırıb.
Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, 2025-2026-cı tədris ilində UFAZ-ın magistratura pilləsinə ümumilikdə 85 tələbə qəbul olunub. Onlardan 40-ı “Data elmi və süni intellekt”, 25-i “Fiziki kimya/kimya mühəndisliyi”, 10-u “Yer elmləri” ixtisasında təhsil alacaq.
Builki qəbulun yeniliyi isə ilk dəfə olaraq açılan “Su ehtiyatlarının idarəolunması” ixtisasıdır. Proqrama qəbul olunan 10 tələbənin hər biri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqaüdünə layiq görülüb.