×

Xəbərlər

Xəbərlər 11 Sep 2025
ADNSU əməkdaşları Qazaxıstanda səfərdə olub

8–10 sentyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup əməkdaşı- “İqtisadiyyat və Menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov, BA Proqramlarının direktor müavini, t.ü.f.d. Nigar Adilova və “Menecment” kafedrasının müəllimi Rəşid Cəbrayılov Qazaxıstanın Almatı şəhərində səfərdə olublar. 

Nümayəndə heyəti Almatı Menecment Universiteti (AlmaU) və Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edərək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. ALMAU Universitetində beynəlxalq əlaqələr üzrə prorektor Sholpan Tazabek, Menecment məktəbinin dekanı Azamat Ayezxanul, “Rəqəmsal texnologiya və İqtisadiyyat” məktəbinin dekanı Arman Komekbayev ilə keçirilən görüşdə ADNSU-nun tarixi, beynəlxalq uğurları və fakültə fəaliyyətləri təqdim olunub, həmçinin MBA proqramlarının tədris metodologiyası barədə ətraflı məlumat verilib. Tərəflər gələcəkdə birgə tədqiqat və əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

Səfər çərçivəsində ADNSU nümayəndələri ALMAU Universitetinin tədris binası, MBA proqramı üçün yaradılmış şərait, həmçinin “Neyromarketinq və Neyromenecment” laboratoriyası ilə tanış olublar. Onlar, həmçinin MBA Proqramı çərçivəsində keçirilən “Marketinqiniz niyə gəlir gətirmir?” adlı master klasda iştirak ediblər.

Nümayəndə heyəti həmçinin Qazaxıstanın nüfuzlu Satbayev Universitetində görüşlər keçirib. Burada “Layihə menecmenti” İnstitutunun direktoru Bakytzhan Amralinova, beynəlxalq tədris proqramları departamentinin rəhbəri Gulnaz Yergeshkyzy, “Menecment və Riyazi İqtisadiyyat” fakültəsinin dosenti Shynara Sarkambayeva və digər nümayəndələrlə keçirilən iclasda ADNSU-nun ixtisasları, professor-müəllim heyəti, beynəlxalq əməkdaşlıqları və QS reytinqindəki uğurları barədə ətraflı məlumat veriblər.

ADNSU nümayəndələri Satbayev Universitetinin MIT Lab və Dron laboratoriyası ilə də tanış olublar. Hər iki universitetdə keçirilən görüşlərdə ilkin olaraq tələbə və müəllim mübadiləsi, eləcə də birgə tədqiqat layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.


Paylaş