10–12 sentyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı uğurla başa çatıb.
Tədbirdə 70-dən çox beynəlxalq şirkət və təşkilat iştirak edib, su ehtiyatlarının idarə olunması, sudan səmərəli istifadə, iqlim dəyişikliyi və su təhlükəsizliyi kimi aktual mövzular müzakirə olunub. Konfrans çərçivəsində 10-a yaxın ölkədən 40-dan çox məruzəçi çıxış edib, müxtəlif panel müzakirələri və təqdimatlar keçirilib. Sərgi zonasında isə suyun duzsuzlaşdırılması, tullantı sularının emalı, su təchizatı və digər istiqamətlərdə ən son texnologiyalar nümayiş olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri də tədbirdə iştirak ediblər. ADNSU-nu professor-müəllim heyəti və “Su ehtiyatlarının idarə edilməsi” ixtisası üzrə təhsil alan tələbələr təmsil ediblər. Universitet nümayəndələrinin iştirakı həm beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə, həm də tələbələrin qlobal su təsərrüfatı sahəsində müasir təcrübələrlə tanış olmasına şərait yaradıb.