Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ATS Food” şirkəti ilə görüş keçirilib.
Görüşdə universitetin struktur bölmə rəhbərləri, fakültə nümayəndələri və şirkət təmsilçiləri iştirak ediblər.
Tədbirdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Kimya Texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Məzunlarla iş və karyera mərkəzinin rəhbəri Şamil Əhmədov, kafedra müdiri, professor Fariz Əmirov və digər universitet əməkdaşları iştirak ediblər.
Görüşün əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktiki vərdişlərlə tamamlanmasına, istehsalat prosesinə daha yaxından cəlb olunmasına imkan yaratmaq olub. Bu çərçivədə “ATS Food” şirkətinin zavodlarında dərslərin bir hissəsinin keçirilməsi, tələbələrin istehsalat mühitində təcrübə qazanması və müasir texnoloji prosesləri yaxından öyrənməsi müzakirə edilib.
Tərəflər həmçinin tələbələrin bilik və bacarıqlarının əmək bazarının tələblərinə uyğun formalaşdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, belə əməkdaşlıqlar gənclərin gələcək karyera inkişafına mühüm töhfə verir, onların peşəkar inkişaf yolunda real iş mühiti ilə tanış olmalarına şərait yaradır.
Görüşün yekununda ADNSU ilə “ATS Food” şirkəti arasında birgə əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub.