×

Xəbərlər

Xəbərlər 12 Sep 2025
ADNSU-da Elmi Şuranın 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2025/2026-cı tədris ili üçün ilk iclası keçirilib.

İclası universitetin rektoru, dosent Rüfət Əzizov açaraq gündəlikdə yer alan məsələləri şura üzvlərinə təqdim edib və gündəlik təsdiqlənib. 

Çıxışında rektor, Rüfət Əzizov qeyd edib ki, yeni tədris ili universitet kollektivindən daha böyük məsuliyyət və fəallıq tələb edir. O bildirib ki, ADNSU-da tədrisin keyfiyyətinin artırılması, tədqiqat səahəsinin genişləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, elmi fəaliyyətin nəticəliliyinin yüksəldilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Bu məqsədlə tələbə-müəllim heyətinin birgə səmərəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Hər birimiz üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə universitetin nüfuzunu daha da artırmağa çalışmalıyıq. Rektor, həmçinin, yeni layihələrin icrası, innovativ yanaşmaların tətbiqi və gənc kadrların inkişafı üçün universitetdə yaradılan imkanlardan danışıb. Onun sözlərinə görə, ADNSU gələcəkdə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mühüm elmi mərkəzlərdən birinə çevrilməyi hədəfləyir.

Daha sonra universitetin Tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov 2025/2026-cı tədris ili üçün nəzərdə tutulan akademik yükün icrası və təsdiqi ilə bağlı məruzə ilə çıxış edib.

İclasda gündəlikdə yer alan digər məsələlər də müzakirə olunub, şura üzvləri tərəfindən fikir və təkliflər səsləndirilib. Rektor Rüfət Əzizov müzakirələrin sonunda irad və tövsiyələrini bildirib, aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verib.


Paylaş