Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Data elmi və süni intellekt” magistratura ixtisası üzrə məzunu Cavidan Abdullayev “IJCNN 2025” konfransında iştirak edib.
30 iyun – 5 iyul tarixlərini əhatə edən tədbir neyron şəbəkə və süni intellekt ekspertlərini Romada, Pontifik Qreqorian Universitetində bir araya gətirib. “Bütün Neyron Şəbəkə Yolları Romaya Aparır” mövzusunda keçirilən konfrans neyron şəbəkələrinin müxtəlif elmi sahələrdə və praktik tətbiqlərdə mərkəzi rolunu vurğulayıb.
Tədbir çərçivəsində nəzarətli və nəzarətsiz öyrənmə, gücləndirməli öyrənmə, konvolyusional və impuls neyron şəbəkələri, kognitiv alqoritmlər, dərin öyrənmə və yaradıcı sahələrdə tətbiqlər üzrə xüsusi sessiya və seminarlar təşkil olunub. Cavidan Abdullayev “Müxtəlifliyə əsaslanan neyron şəbəkəsi ansamblları ilə zaman sırası təsnifatının təkmilləşdirilməsi” adlı məqaləsi ilə konfransda çıxış edib.
Məqalədə neyron şəbəkəsi ansambllarında müxtəlif xüsusiyyətlərin öyrənilməsini təşviq edən yeni yanaşma təqdim olunub. Bunun üçün xüsusiyyət ortoqonallığı itkisi tətbiq edilib ki, hər model tamamlayıcı məlumat öyrənsin. Nəticədə model daha zəngin xüsusiyyətlər yaradır, daha güclü performans göstərir və 128 zaman sırası verilənlər dəsti üzrə yüksək dəqiqlik əldə edir. Bu yanaşma həmçinin ənənəvi ansambl üsullarından daha səmərəlidir.