×

Xəbərlər

Xəbərlər 18 Sep 2025
ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edəcək. “Mərkəzi Asiya+ rektorlar klubunun 6-cı görüşü” Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyinin tarazlaşdırılması mövzusuna həsr olunacaq.

Görüş çərçivəsində Avrasiya universitetlərinin brend strategiyaları, rəqəmsal transformasiya, qlobal görünürlük və ali təhsildə milli kimliyin qorunması kimi mövzular müzakirə olunacaq. Tədbirin məqsədi Avrasiya ali təhsil məkanında universitetlərin dəyərlər və missiya əsasında inkişaf yollarını, eləcə də qlobal təhsil sisteminə inteqrasiya zamanı özünəməxsusluğun necə qorunub saxlanıla biləcəyini araşdırmaqdır.

Proqramın açılış hissəsində ADNSU-nun rektoru Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkar Səttarova və “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsünün təsisçisi, Almatı İdarəetmə Universitetinin prezidenti Assilbek Köçaxmatovun çıxışları nəzərdə tutulur.

Əsas çıxışlarla Hans de Vit (Boston Kolleci, ABŞ) və Dara Melnik (Maastricht Universiteti, Niderland) çıxış edəcəklər. Məruzələrdə ali təhsilin beynəlxalqlaşması, qlobal böhran dövründə ali təhsilin transformasiyası və region anlayışı kimi mövzular ön plana çəkiləcək.

Tədbirin davamında keçiriləcək panel müzakirələrində “Qlobal kontekstdə yerli kimlik”, “Avrasiya universitetləri kimi ortaq mənalı icma: dəyərlər, mədəniyyət və missiya vasitəsilə inkişaf” və “Avrasiya universitetlərinin rəqəmsal strategiyası və beynəlxalq görünürlüğü” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş çərçivəsində həmçinin “Rektorlar klubu: Mərkəzi Asiya+” təşəbbüsü üzrə idarəçilik sessiyası, yekun bağlanış, B2B görüşləri, şəbəkələnmə və əməkdaşlıq memorandularının imzalanması planlaşdırılır. 


Paylaş