×

Xəbərlər

Xəbərlər 22 Sep 2025
ADNSU-nun “Healwith” layihəsi Şamaxıda keçirilən “Bootcamp”da maraqla qarşılanıb

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şamaxı rayonunda “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusuna həsr olunmuş “Bootcamp” keçirilib.

Tədbirin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsinə şərait yaratmaq, həmçinin aqrar sahədə startap ekosisteminin inkişafına dəstək olmaq olub.

“Bootcamp”da ölkənin müxtəlif ali təhsil müəssisələrinin təqdim etdiyi layihələr də nümayiş etdirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Healwith” adlı startap layihəsi də iştirakçılara təqdim olunub. ADNSU-nun Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbə Rasim Nəhmədlinin təqdim etdiyi layihə tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, “Healwith” startapı fermerlər və bitki yetişdiriciləri üçün nəzərdə tutulmuş mobil tətbiqdir. Tətbiqin köməyi ilə istifadəçilər sadəcə bir şəkil çəkərək 100-dək geniş yayılmış bitki xəstəliyini erkən mərhələdə aşkarlaya və müvafiq müalicə üzrə tövsiyələr əldə edə bilirlər.

Azərbaycanın 17 ali təhsil müəssisəsindən 20 tələbənin qatıldığı proqram çərçivəsində ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Kompüter elmləri” ixtisası üzrə tələbəsi Pərvin Salahov da “Bootcamp”da iştirak edib. O, ilk gün Aqrar Biznes Festivalı çərçivəsində “Startap zonası”nda 1DU3 layihəsini təqdim edib. Layihə UFAZ məzunu Məryəm Babayevanın təsis etdiyi startapdır və əsas məqsədi bərpa olunan resurslardan istifadə etməklə bioloji fermentasiya vasitəsilə 1,3-Propanediol (PDO) istehsalını həyata keçirməkdir. Bu yanaşma kosmetika, bioplastiklər və digər sənaye sahələrində geniş istifadə olunan petro-kimyəvi əsaslı istehsala dayanıqlı və sərfəli alternativ təklif edir.


Paylaş