×

Xəbərlər

Xəbərlər 23 Sep 2025
ADNSU-da yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) işə yeni qəbul olunan müəllimlərin adaptasiya görüşü keçirilib. Tədbir ADNSU-nun İnsan Resursları Departamentinin təşəbbüsü ilə təşkil olunub. Görüşdə universitetin struktur bölmələrinin rəhbərləri və yeni müəllimlər iştirak ediblər.

İnsan Resursları Departamentinin direktoru Günay Rəfiyeva çıxış edərək universitetin kadr siyasəti, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafı və tədrisin keyfiyyətinin artırılmasına yönələn tədbirlər barədə geniş məlumat verib. O, həmçinin universitetin yaxın gələcək üçün müəyyənləşdirdiyi hədəfləri diqqətə çatdıraraq müəllimlərin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb. G.Rəfiyeva onu da bildirib ki, ADNSU-da müasir təhsil mühitinin formalaşdırılması, innovativ metodların tətbiqi və tələbələrin biliklərinin praktik sahədə möhkəmləndirilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə davamlı olaraq müəllimlər üçün müxtəlif təlimlər və dəstək mexanizmlərinin olacağı da diqqətə çatdırılıb.

Daha sonra universitetin digər struktur bölmələrinin rəhbərləri – Elm ve İnnovasiya məsələləri üzrə prorektor v.m.i.e Elviz İsmayılov, İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin müdiri Xülya Sabirli, Elmi Tədqiqatların Əlaqələndirilməsi və Monitorinqi Şöbəsinin müdiri Əli Əlizadə və digər nümayəndələr çıxış ediblər. Onlar təmsil etdikləri sahələrin fəaliyyət istiqamətləri, gələcək planları və əməkdaşlıq imkanları barədə ümumi məlumat veriblər. Çıxışlarda universitetin akademik və elmi potensialının gücləndirilməsi, tədrisin keyfiyyətinin artırılması və tələbələrin təhsil imkanlarının genişləndirilməsi istiqamətində atılacaq addımlar diqqətə çatdırılıb. Eyni zamanda həm müəllimlərin, həm də tələbələrin universitetin inkişafına töhfə verməsinin əhəmiyyətinə toxunulub və qarşıya qoyulan hədəflərə birlikdə nail olunacağına inam ifadə edilib.

Sonda müəllimlərin sualları cavablandırılıb.


Paylaş