×

Xəbərlər

Xəbərlər 24 Sep 2025
ADNSU tələbəsi “Teknofest 2025”də ikinci yerin qalibi olub

Türkiyənin İstanbul şəhərində keçirilən “Teknofest-2025” Aerokosmik və Texnologiya Festivalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi uğur qazanıb. Belə ki, ADNSU SABAH qruplarının III kurs tələbəsi, Mexatronika və Robototexnika mühəndisliyi ixtisası üzrə təhsil alan Həsən Dadaşzadə “Pardus Xətaları Aşkarlama və Tövsiyə Yarışması” kateqoriyasında iştirak edərək II yerə layiq görülüb.

Həsən Dadaşzadə və rəhbərlik etdiyi FARAD komandası Pardus əməliyyat sistemində proqram təminatındakı boşluqları aşkar etmək və hacking üçün istifadə oluna biləcək sistem boşluqlarına qarşı tədbirlər və tövsiyələr hazırlamaq istiqamətində innovativ həllər təqdim ediblər.

Həmçinin, ADNSU-nun digər bir tələbəsi Məhəmməd Cəbrayılov Milli Aviasiya Akademiyasının “AzST” komandasının tərkibində “Teknofest-2025”də möhtəşəm uğura imza ataraq iki kateqoriya üzrə ikinci yerə layiq görülüb. 

Hər iki kateqoriya Teknofestin ən çətin və yüksək səviyyəli missiyaları sayılır və yarışda iştirak etmək üçün əvvəlki illərdə uğurlu nəticə qazanmaq tələb olunur. 

Qeyd edək ki, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivali “Teknofest 2025” 17-21 sentyabr tarixlərində keçirilib. Beş gün davam edən festivala 96 ölkədən 565 min nəfərdən çox komanda və 1,1 milyon iştirakçı müraciət edib. Tədbirdə 58 əsas və 137 əlavə kateqoriyada texnologiya yarışları, dronlar və təyyarələrin hava şouları, robototexnika yarışları təqdim edilib. 


Paylaş