Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçirilir.
Sentyabrın 24-25-i tarixlərini əhatə edən Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.
Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkədən 50-dən çox beynəlxalq və yerli spiker iştirak edəcək. Onlar Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, qlobal tədqiqat əməkdaşlıqları və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaqlar.
Tədbirdə “Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma”, “Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu” və “Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları” mövzularında sessiyalar təşkil olunacaq.
Sammitin əsas panel və sessiyalarında Elm və Təhsil naziri Emin Əmrullayev, Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Phil Baty, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, xarici və yerli ali təhsil müəssisələrinin rektorları, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov iştirak edir.
ADNSU eyni zamanda Sammitdə öz stendi ilə təmsil olunur.