×

Xəbərlər

Xəbərlər 02 Oct 2025
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

İclası açan ADNSU-nun rektoru, dosent Rüfət Əzizov gündəlikdə yer alan məsələləri şura üzvlərinə təqdim edib və gündəlik təsdiqlənib.

Elmi katib, dosent İnqilab Əliyev Elmi Şuranın 2025/2026-cı tədris ili üçün illik iş planının müzakirəsi və təsdiqi barədə məlumat verdikdən sonra, Tədris məsələləri üzrə prorektor, dosent Rza Məmmədov 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında geniş məruzə edib. O, həmçinin ADNSU-ya, eləcə də universitetin nəzdində fəaliyyət göstərən UFAZ və kolleclərə tələbə qəbulunun nəticələri barədə hesabatı şura üzvlərinin diqqətinə çatdırıb. 

Elmi Şuranın iclasında Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov elmi qrantların keçirilməsi şərtləri və layihələrin hazırlanması qaydaları barədə çıxış edib. Strateji məsələlər üzrə prorektor, dosent Vazeh Əskərov UFAZ-da bakalavr səviyyəsində tədris olunan ixtisaslar üzrə təsis edilən Möhsüm bəy Xanlarov adına təqaüd haqqında məlumat verib. Sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova isə ADNSU tələbələrinə göstərilən sosial dəstək tədbirlərini diqqətə çatdırıb.

ADNSU-nun nəzdində fəaliyyət göstərən Bakı Neft-Energetika Kollecinin direktoru, dosent Ata Babayev universitetin şəhid məzunlarının ailələrinə göstərilən diqqət və qayğı, keçirilən görüşlər və görülən işlər barədə danışıb. O, universitet rəhbərliyinin tapşırıqlarına uyğun olaraq şəhid məzunların ailələri ilə mütəmadi əlaqə saxlanıldığını, onların ziyarət edildiyini deyib.

İclasda həmçinin, BA Proqramlarının direktor müavini Nigar Adilova BA Proqramlarında dərs yükü aparan müəllimlərin əməkhaqlarının saathesabı qaydada ödənilməsi barədə, Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova isə TKTA-nın tövsiyələrinə dair fəaliyyət planının icrası haqqında məlumat veriblər.

Ümumilikdə iclasda strateji inkişaf, keyfiyyət təminatı, tədris və təlim, elmi tədqiqat, beynəlmiləlləşmə və digər mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb. Rektor, dosent Rüfət Əzizov görülmüş işlər, mövcud vəziyyət, çatışmazlıqlar və qarşıdakı hədəflərlə bağlı çıxış edərək hər kəsin üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməsinin vacibliyini vurğulayıb və komanda işi ilə qısa zamanda uğurlu nəticələrin əldə olunacağına əminliyini ifadə edib.

Gündəlikdə yer alan bütün məsələlər müzakirə olunaraq yekdil qərarlar qəbul edilib. Rektor, dosent Rüfət Əzizov iclasda səsləndirilən fikir və təklifləri nəzərə alaraq aidiyyəti üzrə tapşırıqlar verib.


Paylaş