Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qrupları üzrə Qaz-neft-mədən fakültəsinin tələbələri - Səyyar Abdullayev, Ayxan İsmayılov və Sevda Şəfiyeva “WaterTech Bootcamp 2025” intensiv təlim və hakaton proqramında uğur qazanıblar.
Dördgünlük marafonun ilk iki günü intensiv təlim sessiyaları, sonrakı iki günü isə hakaton mərhələsi və final təqdimatları ilə yadda qalıb. Tədbir çərçivəsində komandalar su ehtiyatlarının idarə olunması və ekoloji problemlərin həlli istiqamətində innovativ ideyalar üzərində çalışıblar.
Ümumilikdə 14 komandanın mübarizə apardığı proqramda ADNSU tələbələrinin də təmsil olunduğu “HydroNET” komandası 1-ci yerə layiq görülərək yarışın qalibi olub.
ADNSU tələbələrinin bu uğuru onların innovativ yanaşmalarının, ekoloji problemlərin həllinə verdikləri töhfənin və komanda ruhunun bariz nümunəsi kimi dəyərləndirilir.
Yarışda 2-ci yerə “Zəngəzur BANM”, 3-cü yerə isə “Hydro Guardians” komandaları layiq görülüblər.
Qeyd edək ki, “WaterTech Bootcamp” proqramı “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsi və SUP VC-nin təşkilatçılığı, həmçinin EU4ClimateResilience (Avropa İttifaqının Şərq Tərəfdaşlığında Karbonsuzlaşma və İqlim Dayanıqlılığı) layihəsinin dəstəyi ilə regionda ilk dəfə həyata keçirilib. Bootcamp gənclərin ideya gücünü, texnologiyanın imkanlarını və komanda ruhunu bir araya gətirmək məqsədilə təşkil olunub.