×

Xəbərlər

Xəbərlər 02 Oct 2025
ADNSU daxili qrantların verilməsi ilə bağlı yeni qaydalar təsdiqlədi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxili qrantların verilməsinə dair yeni qaydaları təsdiqləyib. Qaydalar 2025-ci ildə ADNSU Elmi Şurasının qərarı ilə qəbul olunub və universitet daxilində elmi fəaliyyətin stimullaşdırılması, innovativ və tətbiqi tədqiqatların dəstəklənməsi məqsədini daşıyır.

Daxili qrantlar universitetin vəsaiti və digər qanuni maliyyə mənbələri hesabına maliyyələşdirilir. Müsabiqələr şəffaflıq, obyektivlik və bərabərlik prinsipləri əsasında keçirilir. Qrantlar yalnız Azərbaycan manatında, müqavilədə göstərilən məqsədlər üçün ayrılır.

Müsabiqədə bakalavr, magistr, doktorant, dissertantlar, professor-müəllim heyəti və tədqiqat mərkəzlərinin əməkdaşları fərdi və ya komanda şəklində iştirak edə bilər. Hər iştirakçı yalnız bir layihə təqdim edə bilər. Layihə üzrə maksimum maliyyələşmə 30.000 manatdır.

Layihələr texniki və elmi ekspertizadan keçirilir. Qiymətləndirmə layihənin aktuallığı, məqsəd və nəticələrin əhəmiyyəti, icra planı və büdcə əsaslandırması kimi meyarlar üzrə aparılır. Qaliblər Müsabiqə Komissiyasının rəyinə əsasən ADNSU rektorunun əmri ilə təsdiqlənir.

Qalib layihələrin icrası tərəflər arasında bağlanan daxili qrant müqaviləsi ilə tənzimlənir. Qrantın 30 faizi avans olaraq ödənilir, qalan hissə mərhələli şəkildə təqdim edilir. Layihənin icrasına və vəsaitlərin istifadəsinə universitet nəzarət edir.

Qaydalar layihə nəticələrinin qeydə alınması, elmi nəşrlərdə ADNSU-nun göstərilməsi, plagiat və digər pozuntuların qarşısının alınması ilə bağlı tələbləri də əhatə edir. Müqavilə öhdəliklərinə əməl olunmazsa, qrant vəsaiti geri qaytarılır. Əqli məhsulların mülkiyyət hüququ ADNSU-ya məxsusdur.

Müsabiqə nəticələrinə etiraz hallarında Apellyasiya Komissiyasına müraciət mümkündür. Ekspert və komissiya üzvləri üçün maddi stimullaşdırma tədbirləri nəzərdə tutulub.


Paylaş