Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) innovativ “HealWith” startap layihəsi COP29 çərçivəsində keçirilən “Dayanıqlı Sərgi: Planet üçün İncəsənət və İnnovasiya” adlı tədbirdə təqdim olunub.
Layihə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. “HealWith” süni intellektə əsaslanan mobil tətbiqdir və əsas məqsədi bitkilərdə xəstəlikləri vaxtında aşkarlamaq və düzgün müalicə üsullarını göstərməkdir. Tətbiq vasitəsilə istifadəçilər sadəcə bir şəkil çəkərək xəstəliyin adını, törədicisini və yaranma səbəblərini, həmçinin müalicə üsulları və tövsiyələr haqqında məlumatları əldə edə bilirlər.
Tətbiqin forum bölməsi isə fermerlərə və bitki yetişdiricilərinə eyni problemlə üzləşmiş digər istifadəçilərin təcrübələrini öyrənməyə imkan yaradır.
“HealWith” layihəsi kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, pestisid istifadəsinin azaldılmasına, torpaq və su ehtiyatlarının qorunmasına mühüm töhfə verir. Beləliklə, layihə həm sağlam məhsul istehsalına, həm də təmiz və davamlı ətraf mühitin formalaşmasına xidmət edir.