2025-ci il 16–17 dekabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)” keçiriləcək.
Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə reallaşdırılacaq.
NASCO XXVIII doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, onların elmi yaradıcılığını stimullaşdırmaq və gənc alimlərin inkişafına dəstək vermək məqsədilə hər il keçirilən nüfuzlu elmi tədbirdir. Konfransa elmi məqalələrin qəbulu 20 oktyabr 2025-ci il tarixinə qədər uzadılıb.
ADNSU-nun ev sahibliyi ilə baş tutacaq konfransda ölkənin müxtəlif universitet və elmi-tədqiqat mərkəzlərində fəaliyyət göstərən doktorantlar və gənc alimlərlə yanaşı, xaricdə tədqiqat aparan azərbaycanlı doktorant və gənc tədqiqatçılar da iştirak edəcəklər.
Konfransın əsas məqsədi elmi mübadiləni təşviq etmək, gənc tədqiqatçıların peşəkar inkişafına dəstək göstərmək və müxtəlif elmi istiqamətlərdə yeni ideyaların müzakirəsi üçün platforma yaratmaqdır.