Oktyabrın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Caspian Geo” şirkətinin təşəbbüsü ilə Karyera Günü Məlumat Sessiyası keçirilib. Sessiyada 3-cü və 4-cü kurs tələbələri, eləcə də məzunlar iştirak ediblər.
Əsas sessiyadan öncə ADNSU, UFAZ və “Caspian Geo” nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Görüşdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ Karyera Mərkəzinin koordinatoru Qənirə Nəsibova, ADNSU Məzunlarla İş və Karyera Mərkəzinin əməkdaşları, həmçinin “Caspian Geo” şirkətinin baş meneceri Ağamurad Muradov, əməliyyatlar direktoru Xanəli Əhmədov və insan resursları üzrə menecer Günşan İsgəndərova iştirak ediblər.
Tərəflər əməkdaşlığın genişləndirilməsi, tələbələrin real əmək bazarına inteqrasiyası və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində şirkət nümayəndələri tələbələrlə öz karyera təcrübələrini və uğur hekayələrini bölüşüblər. İnsan Resursları (HR) komandası tərəfindən təcrübə proqramına qəbul qaydaları, seçim meyarları və müsahibə mərhələləri barədə ətraflı təqdimat keçirilib.
Bundan əlavə, tələbələrə “Caspian Geo”nun Xəzər regionundakı layihələri, missiyası və korporativ dəyərləri haqqında geniş məlumat verilib. Sessiya zamanı tələbələr şirkət nümayəndələri ilə birbaşa ünsiyyət quraraq təcrübə, əməkdaşlıq və gələcək karyera imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, sessiyanın əsas məqsədi tələbə və gənc mütəxəssisləri “Caspian Geo” şirkətinin fəaliyyəti, Xəzər regionundakı mühüm layihələri, eləcə də təcrübə proqramına qəbul prosesi ilə yaxından tanış etmək olub.