Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Yer elmləri” ixtisası üzrə ikinci kurs magistrantları İsmayıllı rayonunda yerləşən Girdimançay vadisində beş günlük sahə təcrübəsində iştirak ediblər.
Bir neçə gün davam edən tədris səfərinə Strasburq Universitetinin dosenti Guilherme Bozetti, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin dosenti Thibault Cavailhes və UFAZ-ın Neft və qaz proqramı üzrə koordinatoru Fidan Aslanzadə rəhbərlik ediblər.
Səfər çərçivəsində tələbələr petrologiya, mineralogiya, sedimentologiya, çökmə mühitləri və struktur geologiyası kimi UFAZ-da tədris olunan əsas yer elmləri fənləri üzrə biliklərini praktik şəkildə möhkəmləndiriblər.
Bakıdan Lahıca doğru səfər zamanı tələbələr Şimali Pirəkəşkül palçıq vulkanlarını, Cənubi Xəzər hövzəsinin mənbə süxurlarına xas olan Oliqosen-Miosen dövrünə aid layları ziyarət edib, həmçinin Böyük Qafqazın geomorfologiyasını müşahidə etmək üçün Şamaxı yolu boyunca bir neçə dayanacaqda olublar.
Növbəti günlərdə tədqiqatların əsas istiqaməti Girdimançay vadisi olub. Bu ərazi Kretase-Paleogen dövrünə aid dərin dəniz çöküntülərinin nadir kəsikləri – fliş layları ilə tanınır. Səfərin yekun mərhələsində iştirakçılar Şahdağ Qoruğunun ərazisində yerləşən Xanəgah kəndindəki Yura dövrünə aid karbonat süxurlarını tədqiq ediblər.
Qeyd edək ki, bu tədris fəaliyyəti tələbələrə nəzəri biliklərini real geoloji şəraitdə tətbiq etmək, komanda işi və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin gələcək peşəkar karyeraları üçün dəyərli sahə təcrübəsi qazanmaq imkanı yaradıb.