Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “IDEALISE” İnkubasiya Proqramının orientasiya tədbiri keçirilib.
Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) layihə meneceri Camal Ağayev çıxış edərək inkubasiya proqramının əhəmiyyətindən danışaraq bu proqramın gənclərin innovativ təşəbbüslərinə mühüm dəstək verdiyini və bu təşəbbüslərin gələcəkdə dayanıqlı biznes modellərinə çevriləcəyini vurğulayıb.
Daha sonra İRİA-nın layihə meneceri Nigar Davud proqram haqqında ümumi məlumat verib, məqsədlər və iştirakçılara təqdim olunacaq imkanlar barədə danışıb.
Rəqəmsallaşdırma Departamentinin start-up və texnoloji transfer ofisinin müdiri Əhməd Əhmədzadə “Rəqəmsallaşma və startap ekosistemi” mövzusunda çıxış edərək ölkədə innovasiya ekosisteminin inkişaf istiqamətlərinə toxunub.
Tədbirin sonunda spikerlər və iştirakçılar arasında sual-cavab sessiyası təşkil olunub, iştirakçılar onları maraqlanıran suallara ətraflı məlumat alıblar.
Qeyd edək ki, proqram çərçivəsində ilk 5 komanda 5000 AZN mükafat qazanacaq. Layihənin yekun mərhələsi demo day tədbiri ilə başa çatacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə həyata keçirilən proqramın əsas məqsədi tələbə və gənclərin innovativ düşüncəsini inkişaf etdirmək, onların startap ideyalarının reallaşmasına dəstək göstərməkdir.