Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) uğurla iştirak edən tələbələrlə görüşüb.
Görüşdə belə bir mötəbər beynəlxalq tədbirdə universiteti layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkür edən rektor Rüfət Əzizov bildirib ki, elmlə ciddi şəkildə məşğul olmaq istəyən tələbələr təhsilin ilk pilləsindən etibarən elmi potensiallarını davamlı şəkildə inkişaf etdirməli, magistratura və doktorantura səviyyələrində təhsillərini uğurla başa vurmaqla yanaşı, tədqiqat fəaliyyətinə də xüsusi önəm verməlidirlər. Rektor vurğulayıb ki, bu istiqamətdə atılan hər bir addım gələcəkdə öz müsbət elmi nəticəsini verəcək.
Dosent Rüfət Əzizov tələbələrlə görüşdə onu da əlavə edib ki, ADNSU bu gün yalnız istehsalat müəssisələri üçün ixtisaslı kadrlar yetişdirmir, həm də tədqiqat universiteti kimi mühüm missiya daşıyaraq gələcəyin tədqiqatçı alimlərinin formalaşmasına töhfə verir. Belə beynəlxaq elmi tədbirlərdə iştirak bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.
Konfransın əhəmiyyətindən danışan rektor qeyd edib ki, astronavtika sahəsi müasir dövrdə həm ölkəmiz, həm də ADNSU üçün prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, universitetin geniş tərkibli komanda ilə konqresdə iştirakı təsadüfi deyil. Rektor tələbələrin Beynəlxalq Astronavtika Konqresində universiteti layiqincə təmsil etmələrini, elmi məqalə və təqdimatlarla çıxışlarını yüksək qiymətləndirib.
Tələbələr isə öz növbəsində onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkür edərək konqreslə bağlı təəssüratlarını bölüşüblər. Onlar bildiriblər ki, təqdim etdikləri elmi işlər və layihələr beynəlxalq təşkilatların nümayəndələri və konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin, konqres çərçivəsində ADNSU nümayəndələrinin iştirakı ilə elmi məqalələrin müzakirəsi və gələcək əməkdaşlıq istiqamətləri üzrə mühüm məsələlərə də toxunulub.
Görüşün sonunda rektor tələbələrə tövsiyə və tapşırıqlarını verib, yaradılan imkanlardan maksimum şəkildə yararlanmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, bu il ADNSU-nun 15 tələbəsi (12 bakalavr, 2 magistr və 1 doktorant) Milli Elmi Komandanın tərkibində Avstraliyanın Sidney şəhərində keçirilən 76-cı Beynəlxalq Astronavtika Konqresində (IAC 2025) öz elmi işlərini təqdim edərək uğurla çıxış ediblər.
Azərbaycan üzrə yalnız ADNSU-dan olan iki tələbə - Xədicə Hüseynli və İlkin Abdullayev 1028 iştirakçı arasından seçilərək “IAC 2025 Interactive Presentations Competition” yarışmasının 87 nəfərlik qısa siyahısına daxil olublar.
ADNSU tələbələrinin bu nailiyyəti universitetin güclü elmi potensialını, peşəkarlığını və beynəlxalq arenadakı nüfuzunu bir daha nümayiş etdirir. Bu uğur gənc alimlərin dünya səviyyəsində təcrübə qazanmasına geniş imkanlar yaradır və gələcəkdə daha çox innovativ və strateji layihələrin həyata keçirilməsi üçün ilham mənbəyi olur.